2012-ci ilin yanvar-may aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dünya bazarlarına 462,727 min ton neft məhsulu ixrac edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 22,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
SOCAR-ın əsas ixrac məhsulları bunlar olub: dizel yanacağı – 381,409 min ton, avtomobil benzini – 33,09 min ton, təyyarə yanacağı – 48,228 min ton.
2012-ci ilin may ayında SOCAR 75,411 min ton neft məhsulu, o cümlədən 8,44 min ton avtomobil benzini, 55,016 min ton dizel yanacağı, 11,955 min ton təyyarə yanacağı ixrac edib.
Azərbaycanda iki neft emalı zavodu – “Azərneftyağ” və Heydər Əliyev adına Bakı Neft emalı zavodu (BNZ) fəaliyyət göstərir. Onların ümumi neft emalı gücü ildə 22 mln. ton təşkil edir. Hər iki müəssisə SOCAR-ın strukturuna daxildir.