İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Qarabağ münaqişəsinin ədalətli həllinə dəstəyi bundan sonra da davam etdirəcək. Bu barədə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Rəsmi mətbuatın məlumatına görə, görüşdə Azərbaycan ilə İƏT arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün İ.Əliyev Azərbaycana ilk rəsmi səfərə gəlmiş Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyeni qəbul edib. Dövlət başçısı ölkələrimizin bir-birini yaxından tanıması üçün bu cür səfərlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb və siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yaradılması ilə bağlı imkanların müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.