Ermənistan tərəfi Azərbaycan qoşunları ilə təmas xəttində erməni hərbçilərinin həlak olması haqqında yalan məlumat yayır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Müdafiə Nazirliyi qoşunların təmas xəttində silahlı insident nəticəsində erməni hərbçilərinin həlak olması haqqında Ermənistan KİV-nin məlumatını təkzib edir", - deyə nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bəyan edib.
Ermənistanın Müdafiə Nazirliyi bəyanatla çıxış edib ki, bazar ertəsi Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri Azərbaycanın təxribat qrupunun ölkənin şimal-şərqində respublika ərazisinə girmək cəhdinin qarşısını alıb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, bu insident nəticəsində üç erməni hərbçi həlak olub, həmçinin yaralılar var.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.