Azərbaycan cümə günü “Şahdəniz” yatağından Türkiyəyə qazın nəqlinin bərpa edilməsini nəzərdə tutur .Bu barədə SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti - ARDNŞ) prezidenti Rövnəq Abdullayev çərşənbə günü jurnalistlərə məlumat verib.
“ Cümə günü Azərbaycan qazının Türkiyəyə ixracının bərpası gözlənilir”,- deyə R.Abdullayev “İnterfaks - Azərbaycan”agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.
Xəbər verildiyi kimi Azərbaycan 2012-ci il mayın 30-dan “Şahdəniz”yatağından Türkiyəyə qaz nəqlini Türkiyənin BOTAS şirkətinin xahişi ilə müvəqqəti dayandırıb. Lakin, o Türkiyəyə qaz ixracının dayandırılmasının səbəbi və müddəti barədə məlumat verməyib
Türkiyə KİV-lərinin məlumatına əsasən, Azərbaycan qazının Bakı- Tbilisi Ərzurum qaz kəməri ilə Türkiyəyə ixracının müvəqqəti dayandırılmasına BOTAS şirkətinin Sarıqamış kəndi yaxınlığında qazpaylayıcı şəbəkədə baş verən partlayış səbəb olub. Qaz kəməri zədələnməyib.
Uzunluğu 690 km olan (442 km Azərbaycan, 248 km Gürcüstan ərazisində) Cənubi Qafqaz qaz kəməri 2006-cı ilin sonunda istifadəyə verilib və Azərbaycan qazının “Mərhələ-1” çərçivəsində “Şahdəniz”yatağından nəqli üçün nəzərdə tutulub.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları: BP (operator – 25,5%), “Statoil” (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.