Azərbaycan əhalisinin böyük əksəriyyəti əmindir ki, Bakı «Eurovision-2012» mahnı müsabiqəsini yüksək səviyyədə» təşkil edib. «Rəy» Monitorinq Mərkəzinin keçirdiyi ümummilli ictimai rəy sorğusunun nəticələri bunu göstərir.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 86%-i hesab edir ki, tədbir «qüsursuz», «peşəkar səviyyədə», «Avropa səviyyəsində» təşkil edilib. Cəmi 3%-in fikrincə isə, onu «daha yaxşı təşkil etmək olardı» və «ideal səviyyəyə çata bilmədik».
Sorğu zamanı məlum olub ki, əhalinin 85%-i müsabiqənin keçirilməsinə böyük vəsait yatırımının zəruri olduğunu və bunun özünü doğrultduğunu düşünür. Onlarla cəmi 11%-ə yaxın respondent razılaşmayıb, 4% isə sualı cavablandırmaqda çətinlik çəkib. Ötən il Bakı sakinlərinin 63%-i müsabiqənin təşkilinə çəkilən xərclərin özünü doğrultduğu qənaətində idilər. Cəmi 13% respondent bu fikri bölüşmürdü, çünki bunu bədxərclik hesab edirdi.
Rəsmi məlumatlara görə, Azərbaycan müsabiqənin keçirilməsinə 50 mln. manat sərf edib.
Bakı əhalisinin 89%-i müsabiqəni izləyib, ölkə üzrə bu göstərici 78% təşkil edib. 2011-ci ildə Düsseldorfda keçirilmiş bu müsabiqəni Bakı əhalisinin 59%-i izləyib. Müsabiqənin sonuncu gününü Bakı gənclərinin 93%-i, ölkə əhalisinin isə 82%-i izləyib.
Yeri gəlmişkən, Bakı əhalisinin 88%-i Azərbaycanı Səbinə Babayevanın təmsil etdiyini bilirdisə, iki ay əvvəl bu barədə 63% respondentə məlum idi.
Rəy sorğusu «Rəy» Monitorinq Mərkəzi tərəfindən 2012-ci il mayın 27-dən 31-dək keçirilib. Sorğuya yaşı 18 və yuxarı olan 1300 respondent cəlb edilib. Nisbi xəta 3,4% təşkil edir.