Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazırlaşır və bu zaman Ermənistan münaqişə zonasında hərbi təxribatlar edərək, sülh danışıqlarını pozmağa çalışır. Bu barədə İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva bəyan edib.
"Azərbaycan ictimaiyyəti sülhə, Dağlıq Qarabağa qayıtmağa və orada erməni icması ilə birlikdə normal yaşamağa hazırlaşır. Lakin təəssüf ki, bu fonda erməni tərəfi, əvvəllər də bir neçə dəfə baş verdiyi kimi, atəşkəs rejimini pozur və bu, əvvəlkindən daha da şiddətli şəkildə baş verir", - deyə o, NATO-nun bu yaxınlarda Çikaqoda keçirilmiş sammitindən sonra NATO-Azərbaycan əməkdaşlığına həsr olunmuş beynəlxalq konfransda bildirib.
"Təəssüf ki, bu, danışıqlar prosesi üçün maneələr yaradır. Buna baxmayaraq Azərbaycan rəhbərliyi danışıqları davam etdirməyə hazırdır və bu prosesdə biz NATO-dan dəstək gözləyirik", - deyə A.Mustafayeva əlavə edib.
İnstitutun direktoru qeyd edib ki, 20 ildən çox tarixə malik Qarabağ münaqişəsi ərzində Azərbaycan NATO-nun və regionda vəziyyətə dair müxtəlif qətnamələr və digər qərarlar qəbul edən beynəlxalq təşkilatların dəstəyini hiss edib.
"Biz bunda əsaslandığımız prinsiplərin dəstəkləndiyini görürük", - deyə o vurğulayıb.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə NATO ölkələrinin Azərbaycana birmənalı münasibət göstərmədiyini deyib.
Onun sözlərinə görə, əgər NATO Azərbaycanı dəstəkləsəydi, o zaman alyans ölkələri respublikaya silah satışı üçün məhdudiyyətlər qoymazdı. Deputat Almaniyanın bu yaxınlarda Azərbaycana artilleriya qurğuları satmaqdan imtina etməsini, həmçinin ABŞ-ın hələ 20 il əvvəl “Azadlığı Müdafiə Akt”ına 907-ci düzəlişi qəbul etməsini xatırladıb (bu düzəliş Amerika hökuməti tərəfindən Azərbaycana o cümlədən hərbi sahədə yardım göstərilməsinə qadağa qoyur).
Q.Həsənquliyev qeyd edib ki, Bakı qonşu İran tərəfindən Azərbaycanın ünvanına açıq şəkildə təhdidlər səsləndirildiyi bir şəraitdə NATO-nun dəstəyini hiss etmir. "Bundan başqa, Azərbaycanı Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad etmək üçün suveren hüququndan məhrum etməyə çalışır və onu işğalın nəticələri ilə barışmağa razı salmağa çalışırlar. Qərb nümayəndələri açıq şəkildə Abxaziya və Cənubi Osetiyanın işğalını pisləyirlər, Gürcüstanın ərazi bütövlüyünün dəstəklədiklərini bəyan edirlər, amma Azərbaycan barəsində biz oxşar bəyanatlar eşitmirik", - deyə o vurğulayıb.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.