Azərbaycan inanır ki, məcburi köçkünlər tezliklə evlərinə -doğma yurdları Qarabağa qayıdacaq.Baş nazirin müavini Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov belə bəyan edib.
“Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətinin uğuruna və məcburi köçkünlərin tezliklə doğma yurdlarına qayıdacağına inanır “,- deyə Ə.Həsənov cümə günü Bakıda “Qayıdış və məskunlaşma- qərarların qəbul edilməsində uşaqların iştirakı”layihəsinin başa çatmasına həsr olunmuş konfransda qeyd edib.
“Məcburi köçkünlər 20 ildir əziyyət çəkirlər.Məcburi köçkün uşaqlarının çoxu hətta öz doğma şəhər və kəndlərini görməyiblər”,- deyə Ə.Həsənov söyləyib.
Məcburi köçkün uşaqlarının kiçik vətənə qayıdış prosesində fikir mübadiləsi və ideyalarla iştirakı layihəsi 2010-cu ilin oktyabrından 2012-ci il iyununa qədər Avropa Komissiyası,Danimarka Qaçqınlar Şurası (DRC), ”Həyat” beynəlxalq humanitar təşkilatı, eləcə də Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin dəstəyi ilə həyata keçirilir.
Baş nazirin müavini Avropa İttifaqı və DRC-yə məcburi köçkünlərin döğma yurdlarına qayıdışı və inteqrasiyası problemlərinə ayırdığı böyük diqqət üçün təşəkkür edib.
“Bu gün bu proqram sayəsində məcburi köçkün ailələrinin uşaqlarının hələ ki, işğal altında olan torpaqlara qayıdış və məskunlaşma üzrə fikir mübadilələrinə cəlb edilməsi çox əhəmiyyətlidir.”Sizin səsiniz eşidiləcək”.- deyə Ə.Həsənov əlavə edib.
Dağlıq –Qarabağ münaqişəsi və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğal edilməsi nəticəsində 1 mln-dan çox insan qaçqın və məcburi köçkünə çevrilib.