Avropa İttifaqı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasından narahatdır. Bu barədə Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia bəyan edib.
"Biz tərəfləri danışıqlar masasına oturtmağa çalışmalıyıq", - deyə o, cümə günü jurnalistlərə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin tez-tez pozulmasını şərh edərkən bildirib.
R.Kobianın sözlərinə görə, Aİ münaqişənin sülh yolu ilə nizamlanmasında irəliləyişə nail olmaq üçün iki ölkə xalqları arasında etimadın möhkəmləndirilməsi tədbirlərini təklif edir. “Mən həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verirəm”, - deyə o söyləyib.
Son bir neçə gündə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginlik müşahidə olunur. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın təxribatçı qrupları dəfələrlə cəbhə xəttini keçməyə çalışsa da, bütün cəhdlərin qarşısı alınıb. Nəticədə beş Azərbaycan əsgəri həlak olub, bir neçə nəfər yaralanıb.