Ötən həftə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İnquşetiyada və Tatarıstanda səfərdə olub. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə QMİ-dən məlumat verilib.
A.Paşazadə Tatarıstan prezidenti Rüstəm Minnixanovun dəvəti ilə həyata keçirilən səfər zamanı Kazanda Volqa Bulqarıstanında İslamın qəbul edilməsinin ildönümünə, həmçinin, "Ağ məscid" kompleksinin açılışına həsr olunmuş tədbirlərdə iştirak edib.
Bu tədbirlərdə çıxış edən A.Paşazadə onun iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb, respublikada dövlət və din arasında münasibətlərin inkişafından söhbət açıb.
İnquşetiyaya səfər zamanı QMİ sədri bu respublikanın yaradılmasının 20 illiyi münasibətilə keçirilən tədbirlərə qatılıb. Bundan başqa, A.Paşazadə inquş xalqının deportasiyasına həsr olunmuş "Soyqırım" abidəsinin açılışında iştirak edib.