İranın “Səhər” telekanalının Bakı müxbiri Anar Bayramlı narkotiklərlə bağlı cinayətlərdə iştirakda təqsirli bilinərək həbs cəzasına məhkum edilib.
Binəqədi rayon məhkəməsinin dəftərxanasından "İnterfaks-Azərbaycan" agentliyinə verilən məlumata görə, A.Bayramlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi üzrə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham olunaraq iki il həbs cəzasına məhlkum edilib.
1981-ci il təvəllüdlü A.Bayramlı 2012-ci il fevralın 18-də Binəqədi rayon Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən 0,387 qram heroin götürülüb.
Xəbər verildiyi kimi, fevralın 18-də A.Bayramlı ilə yanaşı, həmçinin, telekanalın sürücüsü Ramil Dadaşov da saxlanılmış və onun üzərində narkotik maddələr aşkar edilmişdi.