Milli Məclis çərşənbə axşamı “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya qanunu”nu qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyinin parlamentin iclasından verdiyi xəbərə görə, 109 deputat qanunun lehinə, 1 deputat əleyhinə səs verib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədi deputatlara təqdim edərək bildirib ki, qanun beynəlxalq təcrübə və Avropa ölkələrinin qanunvericilikləri nəzərə alınaraq hazırlanıb. "Bu Konstitusiya qanununun qəbuluna ölkənin demokratik inkişafının tərkib hissəsi kimi baxmaq lazımdır", - deyə o söyləyib.
Qanuna əsasən, keçmiş prezidentlər prezident vəzifəsində olan şəxsin əməkhaqqının 50%-i həcmində pensiya alacaqlar. Bundan başqa, keçmiş prezidentlər üçün nümayəndəlik xərcləri prezident vəzifəsində olan şəxsin əməkhaqqının 20%-i məbləğində müəyyən edilir. Keçmiş prezident vəfat etdikdə pensiya onun həyat yoldaşına ödənilir.
Qanun, həmçinin, keçmiş prezidentə avtomobil, sürücü və üç mühafizəçinin verilməsini nəzərdə tutur. Keçmiş prezidentlərə və onların həyat yoldaşlarına diplomatik pasport veriləcək, onların toxunulmazlığı qanunla qorunacaq.
Mövcud qanunvericiliyə əsasən, Konstitusiya qanunları iki mərhələdə qəbul olunur, onların arasında müddət ən azı 6 ay olmalıdır. Sənəd 2011-ci ilin sonunda birinci oxunuşda qəbul edilib.
Xəbər verildiyi kimi, Konstitusiya qanunu Azərbaycanın bütün keçmiş prezidentlərinə şamil olunacaq.
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov (1991-1992-ci illər), ikinci prezidenti Əbülfəz Elçibəy (Əliyev) (1992-1993-cü illər), üçüncü prezidenti Heydər Əliyev (1993-2003-cü illər) olub. Azərbaycanın indiki - dördüncü prezidenti İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilib və 2008-ci ildə ikinci müddətə yenidən seçilib.