Azərbaycanın keçmiş prezidenti, Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibov yaxın vaxtlarda Rusiyadan vətənə qayıtmağı planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə ASDP-nin həmsədri Araz Əlizadə məlumat verib.
"Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov yaxın vaxtlarda Azərbaycana qayıdacaq. Ancaq o, siyasətdən getməyə qərar verib", - deyə A.Əlizadə bildirib.
A.Mütəllibovun Azərbaycana qayıdışı çərşənbə axşamı Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya qanunu”nun qəbul edilməsi ilə əlaqədardır.
Milli Məclis çərşənbə axşamı “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya qanunu”nu qəbul edib.
109 deputat qanunun lehinə, 1 deputat əleyhinə səs verib.
Qanuna əsasən, keçmiş prezidentlər prezident vəzifəsində olan şəxsin əməkhaqqının 50%-i həcmində pensiya alacaqlar. Bundan başqa, keçmiş prezidentlər üçün nümayəndəlik xərcləri prezident vəzifəsində olan şəxsin əməkhaqqının 20%-i məbləğində müəyyən edilir. Keçmiş prezident vəfat etdikdə pensiya onun həyat yoldaşına ödənilir.
Qanun, həmçinin, keçmiş prezidentə avtomobil, sürücü və 3 mühafizəçinin verilməsini nəzərdə tutur. Keçmiş prezidentlərə və onların həyat yoldaşlarına diplomatik pasport veriləcək, onların toxunulmazlığı qanunla qorunacaq.
Mövcud qanunvericiliyə əsasən, Konstitusiya qanunları iki mərhələdə qəbul olunur, onların arasında müddət ən azı 6 ay olmalıdır. Sənəd 2011-ci ilin sonunda birinci oxunuşda qəbul edilib.
Xəbər verildiyi kimi, Konstitusiya qanunu Azərbaycanın bütün keçmiş prezidentlərinə şamil olunacaq.
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov (1991-1992-ci illər), ikinci prezidenti Əbülfəz Elçibəy (Əliyev) (1992-1993-cü illər), üçüncü prezidenti Heydər Əliyev (1993-2003-cü illər) olub. Azərbaycanın indiki - dördüncü prezidenti İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilib və 2008-ci ildə ikinci müddətə yenidən seçilib.