Sahibkarlığa Kömək Milli Fondu Füzuli rayonunda fəaliyyət göstərən sahibkarlara kreditlərin verilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
Xüsusilə, SKMF Füzuli rayonunda müasir süd emalı müəssisəsinin; kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının; müasir üzüm emalı müəssisəsinin; müasir çörək istehsalı zavodunun yaradılması ilə bağlı layihələrin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Füzuli rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə bilərlər. Həmçinin onlar fonda müraciət edib müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat məbləğində güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.