Ermənistanın silahlı bölmələri Azərbaycanın mövqelərini intensiv atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan tərəfi çərşənbə axşamı saat 08.00-dan çərşənbə günü səhər saat 08.00-dək Tərtər rayonunun Qızıloba, Göyarx, Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Şurabad, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər. Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan tərəfdən heç bir itki və yaralı olmayıb.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayından qüvvədədir. ATƏT münaqişə tərəflərinin barışıq şərtlərini yerinə yetirməsi haqqında məlumat əldə etmək üçün bu təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməyi ilə qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər təşkil edir.