Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin 4 əsəri nümayiş olunacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Nümayiş M.F.Axundzadəyə həsr olunmuş milli teatr festivalı çərçivəsində baş tutacaq. Festival iyunun 1-dən 25-dək keçiriləcək.
İyunun 14-də nümayiş olunacaq “Müsyö Jordan və dərviş Məstəli Şah” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssami əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu Sənan Hüseynlidir.
İyunun 15-də təqdim olunacaq “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatı xalq artisti Cənnət Səlimovaya, musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə aiddir.
İyunun 16-da “Hacı Qara” tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam Altay Seyidov, rejissoru Sərvər Əliyev, musiqi tərtibatçısı İradə Muradovadır.
İyunun 17-də nümayiş olunacaq “Hekayəti Xırs quldurbasan” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.