Azərbaycanda səfir vəzifəsinə namizədliyi irəli sürülən ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Azərbaycan-Amerika münasibətlərinin inkişafına müsbət təsir göstərəcək. Milli Məclisin deputatı Səməd Seyidov belə hesab edir.
“Riçard Morninqstar regiona yaxşı bələd olan, Azərbaycanın problemlərini və reallıqlarını bilən təcrübəli diplomatdır. Bu səbəbdən hesab edirəm ki, onun səfir kimi fəaliyyəti Azərbaycan-Amerika münasibətlərinin normal inkişafına xidmət edəcək”, - deyə S.Seyidov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri S.Seyidov hesab edir ki, R.Morninqstarın ABŞ-ın Azərbaycanda səfir postuna mümkün təyinatı ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracaq.
Parlament üzvünün fikrincə, Bakıda Amerika səfirinin olmaması “anlaşılmaz vəziyyət yaradırdı, çünki iki ölkə arasında münasibətlər normal xarakter daşıyır”. “Bu yaxınlarda Azərbaycanın yeni səfiri Vaşinqtonda vəzifələrinin fəal icrasına başlayıb. Lakin, ABŞ erməni lobbisinin təsirindən çıxmaq iqtidarında olmadığına görə, indiyə qədər Azərbaycana səfirini göndərə bilmir. Bir sıra hallarda erməni lobbisinin ABŞ-ın milli maraqlarına təsir göstərməsi təəssüf doğurur. Birləşmiş Ştatlar nə qədər tez Bakıya səfirini göndərərsə, bu ikitərəfli münasibətlərin inkişafına daha yaxşı təsir edəcək”, - deyə o vurğulayıb.
“Azərbaycan Şimala və Cənuba, Şərqə və Qərbə yol açan xüsusi açara çevrilib. Buna əsaslanaraq ABŞ rəhbərliyi Azərbaycanda səfir vəzifəsinə təcrübəli diplomatın namizədliyini təklif edərək düzgün hərəkət edir”, - deyə S.Seyidov fikrini yekunlaşdırıb.