Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi III oxunuşda qəbul edilmək üçün Milli Məclisə tövsiyə olunub.
Bu qərar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət komitələrinin çərşənbə axşamı keçirilən birgə iclasında qəbul olunub.Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinin iclasda iştirak edən müxbiri məlumat verir.
Ümumilikdə, Məcəllə 18 bölmə və 106 maddədən ibarətdir.
Sənəd şəhərlərin və digər yaşayış məntəqələrinin Baş Planının hazırlanması, təşkili üzrə təıdbirləri, tikinti layihələndirmələrinin işlənməsi qaydalarını tənzimləyir.Xüsusən, Məcəllə xarici hüquqi və fiziki şəxslərə Azərbaycanda tikinti fəaliyyəti ilə məşğul olmağa icazə verir.
Bundan başqa, Məcəlləyə istifadə edilən materiallara aid tələblər, tikintiyə aid ümumi tələblər,tikinti zamanı təhlükəsizlik tələbləri, tikintiyə aid razıplıq alınmasına aid maddə daxildir.
Bununla yanaşı, qeyd edilir ki, icazə verildikdən sonra əgər üç il ərzində tikinti başlanmazsa və ya 3 il ərzində dayandırılarsa tikinti üçün alınmış razılıq ləğv edilir.
Həmçinin, layihə tikilən obyektlərin ekspertizasına aid tələbləri də müəyyənləşdirir. Şərtlərə əsasən, ekspertiza 20 gün ərzində aparılmalıdır.Lakin ehtiyac olarsa, ekspertizanın müddəti üç aya qədər uzadıla bilər.
Azərbaycan Parlamenti Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsini iyunun sonuna qədər təsdiqləməyi planlaşdırır.