Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2004-cü il Olimpiya çempionu, indi isə yunan-roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Fərid Mansurovu London Yay Olimpiya Oyunlarında ölkənin Olimpiya yığmasının bayraqdarı kimi görmək istəyir.
"İstərdim ki, Azərbaycanın Olimpiya komandasının bayraqdarı Fərid Mansurov olsun. Ötən olimpiadada bizim bayrağımızı məhz o aparmışdı və o zaman komandamız böyük uğurlar qazanmışdı", - deyə A.Rəhimov çərşənbə günü jurnalistlərə bildirib.
Yay Olimpiya Oyunları 2012-ci il iyulun 27-dən avqustun 12-dək Londonda keçiriləcək.
Azərbaycan idmançıları Olimpiya Oyunlarında iştirak etmək üçün 53 lisenziya qazanıblar.
London Yay Olimpiya Oyunlarında Azərbaycan 16 idman növü ilə təmsil olunacaq: boks, atletika, taekvando, güllə atıcılığı, kanoe, avarçəkmə, yunan-roma güləşi, sərbəst güləş, velosiped, bədii gimnastika, ağır atletika, idman gimnastikası, atçılıq, qılıncoynatma, cüdo, üzgüçülük. London Yay Olimpiya Oyunlarına Azərbaycan idmançıları 5 yeni idman növü ilə qatılır.
XXX Olimpiya Oyunlarına Azərbaycanın 3 hakimi yollanacaq.
2008-ci ildə keçirilmiş olimpiadada Azərbaycan idmançıları biri qızıl olmaqla yeddi medal qazanmışdılar.