Güclü külək Bakı ətrafında iki cəzaçəkmə müəssisəsinin hasarını, dam örtüyünü, elektik dirəklərini işıq və rabitə xətlərini uçurub.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə Ədliyyə Nazirliyindən məlumat verilib.
“Çərşənbə axşamı güçlü külək Bakının Qaradağ rayonunda yerləşən 8 və 12 saylı cəzaçəkmə müəssisələrinin 110 metr uzunluqda əsas və köməkçi hasarlarını uçurub”,- deyə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bildirilib
Bundan başqa, xidmətdən qeyd edilib ki,qasırğa bu müəssisələrdə dam örtüklərini, elektrik dirəklərini işıq və rabitə xətlərini dağıdıb.
Fövqəladə hadisə barədə məlumat daxil olduğu andan xidmət üzrə həyəcan siqnalı elan olunub, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərenerji” ASC-nin müvafiq qurumları əraziyə cəlb olunub.
8 və 12 saylı cəzaçəkmə müəssisələrində təhlükəsizliyin təmin olunması, o cümlədən
ayrı-ayrı məhkumların təbii fəlakətdən istifadə edərək qaçmasının qarşısını almağa yönələn təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib.
“Hazırda baş verən təbii fəlakətin nəticələri aradan qaldırılır. Cəzaçəkmə müəssisələrində vəziyyət stabildir”,- deyə Ədliyyə Nazirliyindən bildirilib.