Azərbaycanda nağdsız hesablaşmaların ümumi çəkisi ÜDM-nin 7%-ni təşkil edir, bu isə kifayət qədər aşağı göstəricidir. Bu barədə Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Akif Musayev bəyan edib.
“Azərbaycanda ÜDM-nin həcmi 50 mlrd. manatı ötür (2011-ci ilin yekunlarına görə - İF-Az). Bununla yanaşı, nağdsız hesablaşmaların ümumi çəkisi ÜDM-nin 7%-ni təşkil edir, halbuki bu göstərici Türkiyədə 25%-ə, Rusiyada – 32%-ə, Baltik ölkələrdə - 40-45%-ə bərabərdir. Biz bu göstəricinin artmasına çalışmalıyıq, çünki bu iqtisadi artım, inflyasiyanın qorunması, pul vəsaitlərinin idarəedilməsinin təhlükəsizliyinin təminatı üçün vacibdir”, - deyə A.Musayev çərşənbə günü “Nağdsız hesablaşmaların artırılması və pos-terminallardan istifadənin genişləndirilməsi” mövzusunda seminarda bildirib.
Onun sözlərinə görə, 2005-ci ildə Azərbaycanda nağdsız hesablaşmaların ümumi çəkisi ÜDM-nin cəmi 2%-ni təşkil edib.
A.Musayev qeyd edib ki, hazırda pul kütləsinin ümumi həcmində nağdsız hesablaşmaların payı 26,7% təşkil edir, halbuki 2005-ci ildə bu göstərici 13,5%-ə bərabər olub.
İdarə rəisi vurğulayıb ki, 2012-ci ilin əvvəlindən ticarət, xidmət, turizm obyektlərində quraşdırılan pos-terminalların sayında mühüm artım müşahidə edilir. Xüsusilə, hazırda respublikada 33 568 pos-terminal, həmçinin 32 582 – ticarət və xidmət obyektlərində, 986 – taksilərdə quraşdırılıb.
A.Musayev əlavə edib ki, Azərbaycanda milli ödəniş sistemlərinin inkişafı üçün kifayət qədər normativ baza mövcuddur. Bununla yanaşı, 2011-ci il ərzində milli ödəniş sistemlərinin dövriyyəsi 108 mlrd. 176 mln. manat təşkil edib.