Prezident İlham Əliyev ən yaxşı məktəb və müəllimlərin mükafatlandırılması haqqında sərəncamlar imzalayıb. Bu barədə rəsmi mətbuat xəbər verir.
Belə ki, dövlət başçısının “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” mükafatları ilə mükafatlandırma haqqında imzaladığı sərəncamlara uyğun olaraq 2011/2012-ci tədris ilində 50 məktəb və 100 müəllim müvəffəqiyyət qazandıqlarına görə mükafatlandırılıblar. Mükafat sahiblərinə həmçinin beş min manat məbləğində birdəfəlik pul mükafatı verilir.
İ.Əliyev çərşənbə günü keçirilən iclasda bildirib ki, bəzən ona məktəblərin heç də həmişə keyfiyyətlə tikilməməsi barədə məlumatlar daxil olur. “Ötən il ərzində siqnallar gəlmişdir ki, məktəblər keyfiyyətsiz tikilir. Əlbəttə ki, burada ciddi nəzarət olmalıdır. Keyfiyyətə nəzarət olmasa, bu işin heç bir əhəmiyyəti olmayacaq”, - deyə o bəyan edib.