“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasına 2011-2012-ci illərdə ümumilikdə 1,8 mlrd. manat vəsait ayrılıb. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə günü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda məlumat verib.
“Həmin Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına son iki ildə ümumilikdə 1,8 mlrd. manat vəsait ayrılıb. Yaşayış məntəqələrinin qazlaşdırılması, əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması sahəsində tədbirlərin icrası davam etdirilib”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 1210 kilometr yeni qaz kəmərləri çəkilib və yenidən qurulub, 160 min məişət qaz sayğacı quraşlaşdırılıb və ya yeniləri ilə əvəz olunub. Ümumilikdə, ötən il Bakı şəhəri və qəsəbələri üzrə 22 min 190, Abşeron rayonunda isə 7 min 940 yeni abonent qazla təchiz edilib.
Ş.Mustafayev bildirib ki, ötən il 1520 kilometr kabel və 200 kilometr yeni elektrik verilişi xətləri çəkilib, 330 kilometr elektrik verilişi xətlərində təmir-bərpa işləri aparılıb. Yeni enerji güclərinin yaradılması üçün elektrik stansiyalarının tikintisi davam etdirilib, “Şimal” elektrik stansiyasında 409 meqavat gücündə olan ikinci buxar-qaz enerji qurğusunun təməli qoyulub.
Yaşayış məntəqələrinin istilik təchizatının yaxşılaşdırılması işləri proqrama uyğun davam etdirilib, təmir-tikinti işləri yekunlaşmış 122 təhsil və səhiyyə obyekti istilik təchizatı ilə təmin edilib, 150-dən çox yaşayış binasına və sosial obyektə xidmət edən 6 qazanxana yenidən qurulub.
Onun sözlərinə görə, hesabat ilində 61 kilometr müxtəlif diametrli su və 57 kilometr kanalizasiya xətti və kollektor quraşdırılıb, 13 su anbarı və 4 su nasos stansiyası tikilib və yenidən qurulub.
Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2011-2012-ci illərdə Bakı qəsəbələri üzrə 46,1 mln. manat kredit verilib, bunlardan müasir texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin maliyyələşdirilməsinə 42,1 mln. manat güzəştli verilib. Müəssisələrdən 9-u istifadəyə verilib, bu ilin sonunadək 19-nun istifadəyə verilməsi planlaşdırılır.