Azərbaycanın təhsil naziri Misir Mərdanov Litva Respublikasına səfəri çərçivəsində bu ölkənin elm və təhsil naziri Gintaras Stepanoviçiyus ilə görüşüb. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdıran nazir hazırda Litvanın müxtəlif ali məktəblərində 50-yə yaxın azərbaycanlı tələbənin təhsil aldığını söyləyib və bu rəqəmin daha da artırılması ilə bağlı müvafiq işlərin görüləcəyini bildirib.
Litva Respublikasının elm və təhsil naziri Gintaras Stepanoviçiyus Azərbaycanla təhsil sahəsində mövcud olan əlaqələrin inkişafını yüksək dəyərləndirib və bu istiqamətdə göstərilən səylərin artırılacağını vurğulayıb. Elm və təhsil naziri Litvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə bağlı bütün məsələlərin daim diqqət mərkəzində saxlanılacağını qeyd edib.
Görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil, peşə təhsili sahəsində ikitərəfli əməkdaşlığın inkişafına xüsusi önəm veriləcəyi bildirilib.
Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.