Bakıda Qarabağ müharibəsini əks etdirən “İşğal altında” kompüter oyununun təqdimat mərasimi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Oyun döyüş janrında hazırlanıb və 26 iyun - Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə həsr olunub.
Oyunun qrafikası Qarabağın, həmçinin Şuşa şəhərinin görüntüləri üzərində qurulub. Oyunçuların döyüş bacarığını artırmaqla yanaşı ölkəmizin tarixini də öyrənməyə imkan yaradacaq olan bu oyun gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərəcək. Kompüter oyunu 2 il müddətinə müxtəlif universitetlərdə təhsil alan tələbələr tərəfindən hazırlanıb və keyfiyyətinə görə dünyaca məşhur olan döyüş oyunlarına yaxındır.
“İşğal altında” kompüter oyunu mövcud olan heç bir döyüş oyununun yenidən işlənmiş və ya modifikasiya edilmiş forması deyil. Oyunun rəhbəri və ideya müəllifi Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Fərid Haqverdiyev, musiqi tərtibatçısı isə gənc bəstəkar Aqşin Əlizadədir.
Kompüter oyununu www.azdimension.com saytından və www.facebook.com/AzDimension sosial şəbəkə səhifəsindən pulsuz yükləmək mümkündür.
“İşğal altında“ kompüter oyununun təqdimat mərasimi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.