Bakıda keçiriləcək III Azərbaycan Beynəlxalq Sığorta Forumunda təxminən 200 nəfərin iştirakı gözlənilir. Bu barədə forumun təşkilatçısı olan Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.
“Qafqaz regionunda Sığorta bazarının tendensiya və perspektivləri. Təkrarsığorta üçün potensiallar və investisiyalar” mövzusunda forum Bakıda iyulun 4-5-də keçiriləcək.
“Bu Forumda biz təqribən 200 nəfərin iştirakını gözləyirik. Birinci növbədə onlar Avropa və MDB ölkələrindən olan sığorta, təkrarsığorta və broker şirkətlərinin nümayəndələri olacaq”, - deyə məlumatda ASA-nın icraçı direktoru Azər Əliyevə istinadən bildirilir.
Onun sözlərinə görə, iki gün davam edəcək Forumda “Qafqaz regionunun sığorta bazarına ümumi baxış”, “İcbari sığorta növləri, bazarın inkişafına təsir gücü”, “Qafqaz ölkələrində və Mərkəzi Asiyada təkrarsığorta üçün perspektivlər”, “İnkişaf edən bazarda Həyat Sığortası”, “Sığorta bölgüsü” panelləri üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq.
Forumda ekspert qismində Azərbaycan və Gürcüstan Respublikalarının Dövlət Sığorta Nəzarəti Xidmətlərinin nümayəndələri iştirak edəcəklər.
A.Əliyev vurğulayıb ki, bir çox ölkələr Azərbaycanın sığorta bazarına maraq göstərir.
ASA 2006-cı ilin dekabrında iki sığorta cəmiyyətinin – Azərbaycan Sığortaçılar Birliyinin (ASA) və Azərbaycan Sığorta Cəmiyyətləri İttifaqının (ASCİ) birləşməsi nəticəsində yaradılıb. ASA-nın yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təminatı, həmçinin sığorta bazarı perspektivlərinin və problemlərin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.