İyul ayının ortalarında ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədrləri regiona səfər edəcəklər. Bu barədə xarici işlər naziri Əlmar Məmmədyarov çümə axşamı Bakıda Portuqaliya XİN-in başçısı Paulu Portaş ilə birgə brifinqdə məlumat verib.
“İyulun ortalarında biz həmsədrlərin regiona səfərini gözləyirik. Öz mövqeyimizi qoruyaraq tələb edirik ki, qaçqınlar öz torpaqlarına qayıtsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bu münaqişəni dondurulmuş hesab etmirik, status-kvo qəbul edilməzdir. Ümumilikdə, mən optimist əhval-ruhiyyədəyəm və əlbəttə bu problemin həllini tapmaq istərdik”, - deyə nazir ötən həftə Parisdə keçirilən ermnəni həmkarı Edvard Nalbandyanla görüşün nəticələrini şərh edərək bildirib.
Portuqaliya XİN-in başçısı öz növbəsində qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllini dəstəkləyir.
“Portuqaliya bir çox problemli məsələlərin həlli üçün körpü rolunu oynayıb və bu münaqişədə biz həmçinin beynəlxalq hüquq çərçivəsində məsələnin sülh yolu ilə həlli üçün hər iki tərəflə əməkdaşlıq etməyə çalışırıq”, - deyə P.Portaş bildirib.
Hazırda Azərbaycan və Ermənistan arasında tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.