Cümə günü Bakıda, Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılışı olub. Bu barədə rəsmi KİV məlumat verir.
Bu il 23-cü dəfə keçirilən Krans Montana Forumunda dörd ölkənin başçıları, baş nazirlər, nazirlər və digər hökumət nümayəndələri iştirak edirlər.
Tədbirin əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi ilə bağlı təşviqatın aparılması və ölkəmizin bu dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsidir.
Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə yaradılan beynəlxalq təşkilatdır. Qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan edib.
Tədbiri Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron açıb. Azərbaycan Prezidenti İlham Əliyev Forumda nitq söyləyib.