Azərbaycanın iqtisadi inkişaf naziri ölkənin iş adamlarını Türkiyədə daha aktiv fəaliyyətə çağırır. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
İqtisadi inkişaf naziri Ş.Mustafayev Türkiyədə Azərbaycanlı İş Adamları Birliyinin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə iştirak edib.
O hesab edir ki, birliyin fəaliyyəti azərbaycanlı və türkiyəli iş adamlarının əməkdaşlığı üçün yeni imkanlar açacaq.
Nazir vurğulayıb ki, bu gün Azərbaycan şirkətləri Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna və Balkan regionu ölkələrinə irihəcmli investisiyalar qoyur.
Ş.Mustafayev qeyd edib ki, hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 1106 şirkət, Türkiyədə isə 1000-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları təxminən 1,9 mlrd. ABŞ dolları, SOCAR və digər Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə təxminən 4,5 mlrd. ABŞ dolları təşkil edir, 2018-ci ilədək təkcə SOCAR-ın Türkiyədə investisiyaları 17 mlrd. ABŞ dolları təşkil edəcək.
Sonra Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi ilə bir sıra təşkilatlar - Azərbaycan Türkiyə İş Adamları Birliyi, Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.