Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Muzeyi və “Burqanov Evi” Moskva Dövlət Muzeyi Bakıda “Sərhədsiz sənət: Azərbaycan xalça dünyası İqor Burqanovun yaradıcılığında” adlı müsabiqə elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə muzeydən məlumat verilib.
Müsabiqə Rusiya Federasiyasının əməkdar rəssamı, Rusiya İncəsənət Akademiyasının müxbir üzvü İqor Burqanovun eskizləri əsasında toxunmuş xalçalara həsr olunub.
Müsabiqənin nəticələrinə əsasən ən yaxşı məqalə müəllifləri - 1-ci mükafat – 300 manat, 2-ci mükafat – 200 manat, 3-cü mükafat – 100 manat və həvəsləndirici mükafatlar – 50 manat olmaqla mükafatlandırılacaq.
Müsabiqənin münsiflər heyətinə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ xalq rəssamı Tahir Salahov, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü və Rəyasət heyətinin üzvü, professor Vanslov V.V, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, RF-ın əməkdar rəssamı Burqanov İ.A., REA Rəyasət heyətinin baş elmi katibinin müavini A.Q.Tolstikov daxildir.
Materialların son təqdim edilmə müddəti – 2012-ci il oktyabrın 15-dir.
Mayın 12-dən Bakıda İqor Burqanovun eskizləri əsasında toxunmuş müasir xalçaların sərgisi keçirilir.