Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi elektron formatda xidmətlər spektrini genişləmdirməyi planlaşdırır. Bu barədə RİTN-dən məlumat verilib.
“Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi səlahiyyətləri çərçivəsində elektron formada xidmətlərin təşkili üzrə zəruri tədbirləri davam etdirir. Yaxın zamanda telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsi və radiorabitə vasitələrinin qeydiyyatı ilə bağlı yeni elektron xidmətlər istifadəyə veriləcək”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, nazirlik 11 fəaliyyət növünə (telekommunikasiya və poçt xidmətləri, biometrik texnologiyaların yaradılması, fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və s.) lisenziyanın, habelə nömrə resurslarının ayrılması, təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin ölkədə yayılmasına, ixrac nəzarətinə düşən mallar üzrə və müəyyən əşyaların dövriyyəsinə xüsusi icazələr verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsini nəzərdə tutur.