Azərbaycan Prezidenti İlham Əliyev Kolumbiya Respublikası Senatının ikinci konstitusional komitəsinin sədri xanım Aleksandra Moreno Piraquiveni ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə mükafatlandırıb.
Rəsmi mətbuatın məlumatına görə, İ.Əliyev ən yüksək dövlət mükafatı Kolumbiya senatoruna bazar ertəsi Bakıda keçirilən görüş zamanı təqdim edib. Prezident qeyd edib ki, Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlər güclü tərəfdaşlıq əlaqələrinə çevrilib və siyasi əlaqələrin yaxşı səviyyəsinin iqtisadi sahədə əməkdaşlığın inkişafı işinə kömək edəcəyinə ümidvar olduğunu bildirib.
İkitərəfli münasibətlərin genişlənməsində parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayan dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini bəyan edib.
Bundan başqa, İ.Əliyev Kolumbiya tərəfini və şəxsən A.Piraquiveni Parlamentin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı ilə bağlı qəbul etdiyi qərarın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq qəbul olunan qərara görə minnətdarlığını bildirib.
Kolumbiya senatoru öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb. O, həmçinin, xüsusilə iqtisadi və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsinin, Azərbaycanın Kolumbiyada səfirliyinin açılmasının və ölkələrin daimi səfər mübadiləsinin təşkilinin zərurətini qeyd edib.
Həmin gün İ.Əliyev Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Yevgeni Taniçevi qəbul edib. Görüşdə iki ölkənin Konstitusiya Məhkəmələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Bazar ertəsi iki ölkənin Konstitusiya Məhkəmələri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.