Azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın əsəri Avropada Vyana orkestrinin konsertlərində ifa olunub. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Belə ki, Sombatey şəhərində (Macarıstan) və tarixi Hartberg Qəsrində (Avstriya) Xədicə Zeynalovanın böyük simfonik orkestr üçün “In Memoriam für Kara Karayev” əsərinin premyerası olub.
“Bu əsər görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr olunub”, - deyə X.Zeynalovanın sözlərindən sitat gətirilir.
Əsəri Hermine Pak dirijorluğu altında Vyana orkestri ifa edib. Orkestrin solisti - macar skripkaçı Lorand Bosodidir.
X.Zeynalova Bakı Musiqi Akademiyasının və Almaniyada Detmold konservatoriyasının məzunudur. O Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Fridrix-Ebert Fondunun təqaüdçüsü, Padoborn Universitetinin doktorudur (professor Verner Kaylın rəhbərliyi altında). X.Zeynalova - Azərbaycan musiqisi və bəstəkarları haqqında Almaniyada dissertasiya yazan ilk bəstəkardır. Onun əsərləri dəfələrlə Avropanın müxtəlif şəhərlərində keçirilən klassik musiqi konsertlərində ifa olunub.