İranda həbsdə saxlanılan iki azərbaycanlı günahsızdır. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov belə hesab edir.
“Hesab edirəm ki, İranda həbsdə saxlanılan gənc insanlar günahsızdırlar və tez bir zamanda azadlığa buraxılmalıdırlar”, - deyə o, cümə axşamı jurnalistlərə bildirib.
“Hər bir azərbaycanlının xarici ölkələrdə qarşılaşdığı istənilən problem Azərbaycan dövlətini də narahat edir. Dövlət qurumları bu məsələ ilə ciddi məşğul olur”, - deyə N.İbrahimov əlavə edib.
Poeziya festivalında iştirak etmək üçün mayın 2-də İrana yola düşmüş iki Azərbaycan vətəndaşı Fərid Hüseyn və Şəhriyar Hacızadə bu ölkədə həbs olunublar.
Azərbaycan XİN İranın Xarici İşlər Nazirliyinə itkin düşmüş vətəndaşlarla bağlı vəziyyətin aydınlaşdırılması və onlarla görüşmək üçün şərait yaradılması ilə bağlı beş not göndərib. İran KİV-nin məlumatına əsasən, Azərbaycan vətəndaşları casusluqda ittiham olunur.