Avropa Birliyi Azərbaycanla əməkdaşlığın güclənməsində maraqlıdır. Bu barədə Avropa Birliyi (AB) Şurasının prezidenti Herman Van Rompey cümə axşamı Bakıda Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüş zamanı bəyan edib.
“Azərbaycan yol ayrıcında əlverişli yer tutur. Ölkə iqtisadi artımın yaxşı templərini nümayiş edir. Bununla əlaqədar, AB Azərbaycanla əməkdaşlığın güclənməsində maraqlıdır”, - deyə H.Van Rompey bildirib.
Universitetin rektoru Səməd Seyidov qeyd edib ki, Azərbaycanın iqtisadi inkişaf modeli Avropanın bır sıra ölkələrinin böhrandan çıxış üçün təcrübə ola bilər.
“Avropa iqtisadi böhrandan əziyyət çəkir, biz bunu bəzi ölkələrin nümunəsində görürük. Bu böhranın həlli yollarını siz Azərbaycanda tapa bilərsiniz”, - deyə S.Seyidov bildirib.
Görüş çərçivəsində H.Van Rompeyə ADU-nun fəxri doktoru diplomu təqdim olunub.