"İpək yolu" festivalı təkcə Şəki sakinləri üçün deyil, həm də onun qonaqları, festivalda iştirak etmiş müxtəlif ölkələrdən olan məşhur musiqiçilər üçün unudulmaz hadisə oldu. Bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə keçirilən "İpək yolu" III Beynəlxalq musiqi festivalı çərçivəsində bildirib.
"Bu tədbirin keçirilməsi təşəbbüsü Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tərəfindən irəli sürülüb və artıq üçüncü dəfədir ki, uğurla keçirilir. Bu festival nazirliyin tədbirlər planında xüsusi yer tutur", - deyə Ə. Qarayev bildirib.
Nazir qeyd edib ki, festival iştirakçılarının sayı ildən-ilə artır və bu tədbir ölkənin mədəni həyatına böyük töhfə verir.
"İnterfaks-Azərbaycan" agentliyinin regional bürosunun müxbiri xəbər verir ki, Şəki Xanları Sarayının 250 illik yubileyi təntənə ilə qeyd olunub.
Yubiley tədbirində 30 xarici ölkə səfirliyi və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycanın elm və mədəniyyət xadimləri, o cümlədən deputatlar iştirak ediblər.
Tədbirdə çıxış edən Ə.Qarayev və rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd ediblər ki, bu kompleks xarici turistlərdə böyük maraq oyadır və qiymətli tarixi abidədir.