Azərbaycan tolerantlığı ideologiyasının Şimali Qafqaza yayılması bu regionda vəziyyətin sabitləşməsinə imkan yaradardı. Rusiya prezidentinin Şimali Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Sergey Subbotin belə hesab edir.
“Biz Azərbaycanda millətlərarası, konfessiyalararası münasibətlər, həmçinin terrorizmlə mübarizə sahəsində mövcud müsbət olanlardan nümunə götürəcəyik və götürürük”, - deyə S.Subbotin “Interfaks-Azərbaycan” agentliyinə bildirib.
“Fikrimcə, bir çox millətlərin birlikdə yaşamaları və özlərini rahat hiss etdikləri kimi, Azərbaycanla bu cür sız əlaqələr, Azərbaycan tolerantlığı ideologiyasının Şimali Qafqaza yayılması regionun respublikalarında münasibətlərin qaydaya salınmasının elementlərindən biri olacaq”, – deyə o əlavə edib.
S.Subbotin həmçinin məlumat verib ki, bu yaxınlarda Azərbaycanda Rusiya prezidentinin Şimali Qafqaz dairəsinin vahid nümayəndəliyinin yaradılması planlaşdırılır.
“Söhbət Rusiyanın Şimali Qafqaz federal dairəsinin bütün subyektlərinin maraqlarını birləşdirən nümayəndəlikdən gedir. Onların əksəriyyəti öz nümayəndəliklərini açmaq barədə istəklərini bildiriblər. Biz Şimali Qafqaz federal dairəsinin bütün subyektlərinin Azərbaycanın dövlət strukturları ilə qarşılıqlı əlaqədə yardım edəcək vahid struktur yaratmaq barədə qərar qəbul etmişik. Bundan başqa, dairədə bütün subyektlərin xarici bazarda fəaliyyətlərinin koordinasiyası üzrə işçi qrupuna oxşar nə isə yaratmağı planlaşdırırıq. Bu iki strukturun qarşılıqlı əlaqəsi, fikrimizcə işimizin səmərəliliyinin artmasına yardım edə bilər”, - deyə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsinin müavini məlumat verib.