Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Litvanın səfiri Kestutis Kudzmanisi respublikada diplomatik missiyasını başa çatdırması ilə əlaqədar qəbul edib.
Dövlət başçısı K.Kudzmanisə iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Prezident qeyd edib ki, Litvalı diplomatın fəaliyyəti dövründə böyük irəliləyişlər əldə edilib. Xüsusilə, İ.Əliyev bu dövrdə Litva prezidentinin, baş nazirin və parlamentin spikerinin Bakıya səfərlərini xatırladıb.
K.Kudzmanis öz növbəsində qeyd edib ki, ikitərəfli münasibətlər yüksək səviyyədədir. Onun sözlərinə görə, qeyd olunan səfərlər zamanı Litva rəhbərləri Azərbaycanın böyük inkişafının şahidi olublar. Litvalı diplomat ikitərəfli münasibətlərin gələcəkdə də möhkəmlənməsinə əmin olduğunu ifadə edib.