"E-Systems" və "Gaia Bilgi Sistemləri Sənaye və Ticarət ltd" şirkətlər alyansı Azərbaycan İpoteka Fondunda(AİF) avtomatlaşdırılmış mühasibat uçotu bank sistemini tətbiq edəcək .Bu barədə fondun elanında bildirilir
“E-Systems" və "Gaia Bilgi Sistemləri Sənaye və Ticarət ltd" şirkətlər alyansı AİF-in müvafiq tenderinin qalibi elan edilib.Onlarla iyulun 3-dən müqavilə bağlanıb”,- deyə məlumatda bildirilir.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin mart ayında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 27 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 35 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil
2011-ci ildə AİF-in vəsaitlərindən kreditləşmənin həcmi 95,54 mln. manat təşkil edib.