Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bazar ertəsi ATƏT-in baş katibi Lamberto Zannieri qəbul edib.
Rəsmi KİV-in məlumatına görə, görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bundan başqa, həmin gün İ.Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş Vinod Kumarın etimadnaməsini qəbul edib.
Dövlət başçısı Azərbaycan ilə Hindistan arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu deyib. İqtisadi sahədə qarşılıqlı marağın olduğunu vurğulayan İ.Əliyev iki ölkə arasında siyasi, iqtisadi, turizm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu söyləyib.
Səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişlənməsində hökumətlərarası birgə komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu bildirib.