“Azərsu” ASC 2011-ci ildə və 2012-ci ilin I yarısında Bakı şəhəri və ətraf qəsəbələrdə 1 milyondan artıq sakinin içməli su təchizatını yaxşılaşdırıb. Bu barədə cəmiyyətdən məlumat verilib.
Cəmiyyətin məlumatına görə, 2012-ci ildə “Azərsu” paytaxtın Bakıxanov və Nardaran qəsəbələri, Ramana südçülük sovxozu, Binəqədi qəsəbəsinin 6 və 9-cu mikrorayonları, 7-ci mikrorayon və Biləcəri qəsəbəsinin bir hissəsi, Nəsimi rayonunun 2, 3, 5-ci mikrorayonları və Xutor yaşayış massivi, Yasamal rayonunun böyük bir hissəsini gecə-gündüz su təchizatı ilə təmin edib.
Məlumatda həmçinin qeyd olunur ki, “Azərsu” ASC “+ 110 Şərq” su anbarından Bakıxanov qəsəbəsinə 3 kilometr uzunluğunda müxtəlif diametrli borularla çəkilmiş magistral su xətti istismara verib. Bu qəsəbəsinin 60 mindən çox sakinin fasiləsiz su ilə təmin olunmasına yardım edəcək.
Hazırda “+ 110 Şərq” anbarından Bakıxanov qəsəbəsinə çəkilən yeni xəttin imkanlarından istifadə etməklə Qaraçuxur qəsəbəsinin də içməli su ilə fasiləsiz təminatı layihəsi üzərində iş aparılır.