SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti - ARDNŞ) “Fluor” şirkətini yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin tikintisi layihəsi çərçivəsində lisenziarların seçiminə cəlb edib.Bu barədə şirkətin saytında məlumat verilir.
Şirkətin məlumatına əsasən, 3-6 iyulda SOCAR şirkətinin vitse-prezidenti Tofiq Qəhrəmanov “Fluor” şirkətinin nümayəndələri ilə kompleksinin tikintisi layihəsi çərçivəsində lisenziarların seçimi üzrə ilkin əlaqələndirmə iclası keçirib .
Görüşdə İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Neft Fondunun, SOCAR şirkətinin müvafiq idarələrinin, “SOCAR-Foster Wheeler Mühəndis Xidmətləri”Birgə Müəssisəsinin nümayəndələri iştirak edib.
Xəbər verildiyi kimi, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin tikintisi $17 mlrd. məbləğində qiymətləndirilir.Bununla yanaşı, kompleksin yaradılması 30-40 % dövlət investisiyasının, 60-70% xarici bankların kreditləri hesabına həyata keçiriləcək.
Kompleksin ümumi sahəsi 1500 hektar təşkil edəcək və 2018-2020-ci illərdə istismara verilməsi planlaşdırılır. İlkin olaraq istehsal gücü 10 mlrd. kubmetr olan qaz emalı kompleksi istismara veriləcək. Burada Dövlət Neft Şirkətinin yataqlarından qazın, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan səmt qazının və lazım gəldikdə, “Şahdəniz” yatağından hasil olunan və SOCAR-ın payına düşən qazın emalı həyata keçiriləcək.
İkinci mərhələdə neft-kimya kompleksi, daha sonra istehsal gücü 10 mln. ton təşkil edən neft emalı zavodu istismara veriləcək. NEZ-də A-92, A-95 və A-98 markalı benzin, reaktiv mühərrik və dizel yanacağı istehsalının təşkili nəzərdə tutulur.
Bu layihənin icrasına xarici investorların cəlb edilməsi planlaşdırılır. Layihəyə qoyulan sərmayələrin özünü ödəmə müddəti 6-7 il təşkil edəcək. Layihə xərcləri $13-15 mlrd. civarında qiymətləndirilir.
Layihənin texniki-iqtisadi əsaslandırması Technip, Foster Wheeler AG, UOP şirkətlərinin iştirakı ilə hazırlanıb.
Layihəyə qoyulan sərmayələrin özünü ödəmə müddəti 6-7 il təşkil edəcək.