Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) Azərbaycan barəsində “çirkli” pulların yuyulması, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində formal hesabatlıq rejimini aradan qaldırıb. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) saytında yerləşdirilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, bu cür qərar 2-6 iyul tarixlərində Strasburqda keçirilən MONEYVAL-ın 39-cu plenar iclasında qəbul edilib. İclasda digər məsələlərlə yanaşı Komitə tərəfindən 2010-cu ildə MONEYVAL-a üzv ölkələrin üçüncü mərhələ qiymətləndirməsinin nəticələri əsasında hazırlanan “horizontal icmal”da əksini tapan Azərbaycana təqdim olunan tövsiyələrin icra vəziyyəti müzakirə edilib. Plenar iclas zamanı Azərbaycan nümayəndə heyəti müvafiq istiqamətdə həyata keçirilən işlərə dair hesabat təqdim edib. Müzakirələrin yekunu üzrə Komitə tövsiyələrin icrası üzrə əldə edilən tərəqqini nəzərə alıb.
Məlumatda qeyd olunur ki, MONEYVAL-ın növbəti 40-cı plenar iclasında Azərbaycan Moldovanın ikinci tərəqqi hesabatı üzrə hüquq məsələlərinə dair məruzəçi kimi çıxış edəcək.
Plenar iclasda Azərbaycan nümayəndə heyətinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı rəhbərlik edib.
Xəbər verildiyi kimi, Azərbaycan Hökuməti MONEYVAL-a üçüncü tərəqqi hesabatını 2013-cü ildə təqdim edəcək. Hökumətin ikinci hesabatı 2011-ci ilin dekabr ayında təsdiq edilib.