ATƏT iyulun 11-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək. Bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri keçirəcək. Qarabağ münaqişəsi zonasında vəziyyətlə tanışlıq ATƏT-in Minsk qrupu həmsədrlərinin çərşənbə axşamı Bakıya başlayan səfərinin əsas mövzularından biridir. Müdafiə Nazirliyinin məlumatına görə, monitorinq zamanı həmsədrlərin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təmas xəttinin qarşı tərəfinə keçəcəyi planlaşdırılır.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayından qüvvədədir. ATƏT münaqişə tərəflərinin barışıq şərtlərini yerinə yetirməsi haqqında məlumat əldə etmək üçün bu təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməyi ilə qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər təşkil edir.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.