Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinin sədri Vasif Talıbov Şahbuz rayon İcra hakimiyyətində bu rayonda leysan yağışlarının səbəb olduğu sellərin nəticələrinin aradan qaldırılması ilə əlaqədar müşavirə keçirib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, müşavirədə qeyd olunub ki, son ki gün ərzində müşahidə olunan leysan yağışları sel axınlarının yaranmasına və dağ çaylarının məcrasının çıxmasına səbəb olub. Bunun nəticəsində qaz və elektrik təsərrüfatına, avtomobil yollarına, çaylaqda yerləşən tikililərə, qidrotexniki qurğulara, individual təsərrüfatlara və Şahbuz şəhərinin, Ayrınc, Badamlı və Kolanı kəndlərinin əkin sahələrinə ziyan dəyib. Vurğulanıb ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün təcili operativ tədbirlər görülüb, bərpa və təmizləyici işlərə kifayət qədər texnika və insan cəlb edilib.
Müşavirədə Şahbuz rayon İcra Hakimiyyətinin, nəqliyyat nazirliyinin, Energetika üzrə Dövlət agentliyinin, “Naxçıvanqaz” İB-nin rəhbərləri təbii fəlakətin aradan qaldırılması istiqamətində keçirilən işlər barədə danışıblar. Qeyd olunub ki, vəziyyətin operativ surətdə nəzarət altına alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi nəticəsində insan tələfatına yol verilməyıb.
Naxçıvan MR-nın rəhbəri mövcud problemlərin az müddətə tam aradan qaldırılmasıma əmin olduğunu bildirib və müvafiq orqanların rəhbərlərinə konkret tapşırıqlar verib.