2012-ci ilin I yarısında Azərbaycanda ÜDM 1,5% artıb. Bu barədə Prezident İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin I yarısında Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş tərkibli iclasında bəyan edib.
"Qeyri-neft sektorunda artım 11,3% təşkil edib", - deyə İ.Əliyev bildirib.
Onun sözlərinə görə, cari ilin yanvar-iyun aylarında sənaye istehsalının həcmi 3% azalıb ki, bu da neft hasilatının həcminin azalması ilə bağlıdır. Bununla yanaşı, hesabat dövründə qeyri-neft sənayesi məhsullarının istehsalı 8,3% artıb.
Dövlət başçısı vurğulayıb ki, birinci yarımildə əhalinin pul gəlirləri 14,2% artıb, inflyasiya 2,2% təşkil edib.
Prezident qeyd edib ki, birinci yarımildə kənd təsərrüfatı məhsullarının istehsalı 10,4% artıb.
İyunun sonuna Azərbaycanın strateji valyuta ehtiyatları $44 mlrd., xarici borc ÜDM-in 7%-ni təşkil edib.
İ.Əliyev vurğulayıb ki, 2012-ci ilin birinci yarısında respublikada 37 mini daimi olmaqla 46 min yeni iş yeri yaradılıb.
Prezident qeyd edib ki, hesabat dövründə sosial məsələlər uğurla həll edilib.
Dövlət başçısı hökumətə respublikada iqtisadi islahatların aparılmasının sürətləndirilməsi, biznes mühitin yaxşılaşdırılması, iri fermer təsərrüfatlarının yaradılması, inflyasiyanın aşağı səviyyədə saxlanılması, milli valyutanın məzənnəsinin sabitliyinin təmin edilməsi barədə tapşırıqlar verib.