Azərbaycan Prezidenti İlham Əliyev höküməti inflyasiyanın səviyyəsi üzərində nəzarəti gücləndirməyə çağırır.
“Əminəm ki, makroiqtisadi sabitlik 2012-ci ilin sonuna qədər saxlanılacaq. İnflyasiyanın 6 ay ərzində cəmi 2,2% təşkil edən səviyyəsi buna əsas verir. Bu, əlbəttə ki, yaxşı göstəricidir”, - deyə İ.Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
İ.Əliyevin nitqinin mətni cümə axşamı rəsmi mətbuatda dərc olunub.
Prezident inflyasiyanın səviyyəsi üzərində daimi gücləndirilmiş nəzarətin zərurin olduğunu qeyd edib. “Bu istiqamətdə müsbət dəyişikliklər mövcuddur. Hesab edirəm ki, əlavə tədbirlərin görülməsi nəticəsində bu sahədə daim müsbət vəziyyət qalacaqdır. Biz sağlam rəqabəti gücləndirməliyik. İnhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik” , - deyə dövlət başçısı vurğulayıb.
İ.Əliyev həmçinin milli valyutanın kursunun sabitliyini qeyd edib. “Hazırda 1 manat 1 avroya bərabərdir. Bizim iqtisadi potensialımız və sənaye gücümüz imkan verir ki, manatın məzənnəsini bax, belə güclü səviyyədə saxlayaq. Bizim üçün əsas vəzifə makroiqtisadi sabitliyi saxlamaqdır. Çünki investisiya xərclərimiz, büdcəmiz, sosial ödəmələr artır, əmanətlərin kompensasiyası məsələləri əlavə yükdür”, - deyə Prezident əlavə edib.