Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılması istiqamətində işlərə başlanılıb. Bu barədə Prezident İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
“İri fermer təsərrüfatlarının yaradılması prosesi, nəhayət, başlamışdır. Hazırda yerlər müəyyən edilib. Artıq birinci beş min hektar hazırlanır ki, biz orada iri fermer təsərrüfatlarının yaradılmasına başlayacağıq”, - deyə o bildirib.
İ.Əliyevin çıxışının mətni cümə axşamı rəsmi mətbuatda dərc edilib.
Dövlət başçısının sözlərinə görə, belə təsərrüfatların yaradılması üçün ayrılan yerlərdə aqrotexniki, meliorativ tədbirlər görülməlidir.
“Kənd təsərrüfatının inkişafı ilə bağlı görülən tədbirlər öz nəticəsini verir. Kənd təsərrüfatı 10%-dən çox artıb. Əminəm ki, biz növbəti illərdə çalışıb bu dinamikanı saxlamalıyıq. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir və məşğulluğun təmin edilməsi üçün demək olar ki, əsas sahədir. Çünki əhalinin təxminən yarısı bölgələrdə yaşayır”, - deyə o qeyd edib.
Prezident vurğulayıb ki, məhsuldarlığın artırılması məsələləri xüsusilə taxıl yığımı prosesində daha da ciddi diqqət tələb edir.
“Yaxın illərdə biz daxili istehsal hesabına özümüzü əsas ərzaq məhsulları ilə 100% təmin edəcəyik", - deyə İ.Əliyev bildirib.