2012-ci ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin profisiti 1 mlrd. 24 mln. manat təşkil edib.
“2012-ci ilin I yarısında dövlət büdcəsinin gəlirləri 8 mlrd. 134 mln. manat, xərcləri – 7 mlrd. 110 mln. manat təşkil edib”, - deyə maliyyə naziri Samir Şərifov Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
S.Şərifovun nitqinin mətni cümə axşamı rəsmi mətbuatda dərc olunub.
Nazir qeyd edib ki, yanvar-iyun ayları ərzində büdcə mədaxili üzrə plan 106,2%, xərclər üzrə - 91,4% yerinə yetirilib. Bununla yanaşı, ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri - 45%, xərcləri – 45,6% artıb.
“Hesabat dövrü ərzində Vergilər Nazirliyi dövlət büdcəsinə 2 mlrd. 968 mln. manat məbləğində vergi və rüsum köçürüb, bu isə 2011-ci ilin 6 ayının göstəricisindən 15,8% çoxdur. Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə 557 mln. manat məbləğində vergi və rüsum köçürüb, bu isə ötən ilin yanvar-iyun aylarının göstəricisindən 2,7% çoxdur”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, hesabat dövründə Dövlət Neft Fondundan büdcəyə transferlər 4 mlrd. 592 mln. manat, qalanı – digər daxilolmalar təşkil edib.
S.Şərifov vurğulayıb ki, büdcə xərcləri strukturunda 2,3 mlrd. manat və ya bütün xərclərin 32,3%-i sosial yönümlü xərclər təşkil edib. Onların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 370 mln. manat və ya 19,2% artıb.
Maliyyə naziri əlavə edib ki, hesabat dövründə büdcənin investisiya xərcləri strukturunda 514 mnş manat sosial infrastrukturun tikintisi və bərpasına yönəldilib.
I yarımillikdə daha 1 mlrd. 476 mln. manat nəqliyyat, su təchizatı, qaz təchizatı, mənzil kommunal təsərrüfatı, suvarma sahəsində infrastrukturun təkmilləşdirilməsinə yönəldilib. Xüsusilə, yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün - 405 mln. manat, “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın icrasına - 118 mln. manat, su təchizatı və kanalizasiya sisteminin bərpası və yenidənqurulmasına - 154 mln. manat, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirlərinə - üçün 156 mln. manat vəsait yönəldilib.
S.Şərifov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında infrastrukturun təkmilləşdirilməsinə yanvar-iyun aylarında 118 mln. manat yönəldilib.
“Bundan başqa, hesabat dövründə 348 mln. manat məbləğində infrastruktur layihələrin reallşaması üçün cəlb olunan xarici kreditlər xərclənib”, - deyə nazir əlavə edib.
Maliyyə naziri qeyd edib ki, birinci yarımillıkdə bücədən dövlət öhdəliklərin yerinə yetirilməsinə - 61 mln. manat, sahibkarlığın inkişafına - 110 mln. manat, fermerlərə kreditlərin verilməsinə, onlara kənd təsərrüfatı texnikasının lizinqə veilməsi, ASK məhsulları istehsalçılarının digər problemlərin həllinə - 86 mln. manat yönəldilib.
2012-ci ilə Azərbaycanın dövlət büdcəsi 17 mlrd. 38 mln. manat məbləğində gəlirlər, 17 mlrd. 672 mln. manat məbləğində xərclərlə təsdiq edilib. Büdcənin kəsiri 634 mln. manat və ya ÜDM-nin təxminən 1,3%-i səviyyəsində proqnozlaşdırılır.