Yaxın üç il ərzində Azərbaycan 5 min gənci xaricə təhsil almağa göndərəcək. Bu barədə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmədov məlumat verib.
“2015-ci ilə qədər 300 ən nüfuzlu və reytinqli xarici ali məktəblərə 5 minə qədər Azərbaycan vətəndaşını göndərmək planlaşdırılır”, - deyə F.Məmmədov “Şərqi Avropada təhsil alan tələbə və məzunlar” İctimai Birliyi tərəfindən təşkil olunan “Şərqi Avropa və Azərbaycan arasında strateji tərəfdaşlıq və iş birliyi” mövzusunda beynəlxalq elmi seminarda bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan dövləti ali məktəblərin bəzi məzunlarının təhsil aldıqdan sonra xaricdə yaşamağa qaldıqlarını problem etmir. “Bizə yalnız biznes sahəsində deyil, həm də elmdə təmsil olunan xaricdə güclü diaspora lazımdır”, - deyə F.Məmmədov qeyd edib.
Təhsil Nazirliyinin məlumatlarına istinadən o bildirib ki, hazırda dünyanın müxtəlif ölkələrində respublikanın 15 mindən artıq vətəndaşı təhsil alır. Onun sözlərinə görə, təhsilə dövlət xərcləri ölkənin müdafiə qabiliyyətini möhkəmlətməyə xərclərdən sonra ikinci yer tutur.
SAM direktoru həmçinin qeyd edib ki, Şərqi Avropa ölkələri Azərbaycan üçün böyük maraq kəsb edir. “Bu ölkələrdə yüz minlərlə azərbaycanlı yaşayır. Azərbaycan bu regionda iri investora çevrilir”, - deyə o vurğulayıb.
Kiyevin “Krok” iqtisadiyyat və hüquq Universitetinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Andrey Lotarev bildirib ki, hazırda təxminən 4,3 min Azərbaycan vətəndaşı Ukraynanın alı məktəblərində təhsil alır. Bu isə ötən ilin göstəricisindən 75% çoxdur. “Lakin, təəssüflə qeyd etmək lazımdır ki, heç bir azərbaycanlı tələbə dövlət xətti ilə Ukraynada təhsil almır, baxmayaraq ki, bir neçı il öncə onların sayı onlarla hesablanıb”, - deyə o vurğulayıb.