Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkətinin fəaliyyət dövrü ərzində buraxdığı markaların ümumi tirajı 145,6 milyon ədədi ötüb. Bu barədə şirkətin prezidenti İntiqam Bağırov “Azərmarka”nın 20 illik yubileyinə həsr olunan tədbirdə bəyan edib.
“Fəaliyyət dövrü ərzində şirkət tərəfindən 883 orijinal süjetli markalar hazırlanıb və çap edilib. Müxtəlif mövzulara - görkəmli şəxsiyyətlər, arxitektura, flora və fauna, milli mövzu, nəqliyyat, idman, kosmos və s. həsr olunan poçt markalarının ümumi tirajı 145,6 mln. ədədi ötüb”, - deyə İ.Bağırov bildirib.
Onun sözlərinə görə, şirkət respublikanın görkəmli şəxsiyyətlərinə həsr olunan markaların buraxılmasına xüsusi diqqət ayırır. Poçt markalı vasitəsilə dünya ictimaiyyəti 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağın şəhərləri, flora və fauna haqqında məlumatlanır”, - deyə İ.Bağırov əlavə edib.
RİTN başçısı Əli Abbasov şirkətin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, “Azərmarka” Azərbaycanın nailiyyətlərini dünya ictimaiyyətinə çatdırır.
Ə.Abbasov əlavə edib ki, “Azərmarka” 30-dan artıq filateliya sərgisində iştirak etmişdir. Azərbaycan markaları beynəlxalq aləmdə özünün layiqli yerini tutub. Eyni zamanda, şirkət Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosu ilə əməkdaşlıq edir”, - deyə nazir qeyd edib.